Skip to main content

Kaş bircə saniyə...

Bəzən xəstəliklər çox qəddar olur. Bizdən ən vacib bildiyimiz orqanları alıb aparır.

Kiminin böyrəyini, kiminin bağırsağını, kimininsə ayağını...

Eynilə 4-cü kursda ilk damar yolu açdığım yaşlı kişi xəstə kimi. Cərrahi Xəstəliklər şöbəsində, ayaqlarından biri amputasiya olunacaqdı.

Bilməyənlər üçün deyim ki, Şəkər xəstəliyi nəzarət edilmədiyi təqdirdə çox təhlükəlidir. Məsələn, qanla yaxşı qidalanmadığı üçün periferiyadakı sinirlər zamanla zədələnir və insan ayağını sobada qızdırarkən bir də görür ki, sən demə bayaqdan ayağı yanırmış. Artıq fərqinə varanda gec olur. Gec sağalan və zamanla iltihablaşıb həmin nahiyənin nekrozuna səbəb olan yaralar isə, xəstəliyinə nəzarət etməyən diabetiklərə yad deyil.

Xəstəliklər bizim yaşımızla, ya da həyat hekayəmizlə maraqlanmır. Heç gözləmədiyimiz anda olur bəzən hər şey.

Təəssüf ki, xəstəliklər bizdən sadəcə ayağımızı da almır...


"Qızım evləndikdən bir neçə il sonra nəvəm dünyaya gəldi. Şirin-şəkər Aynurum. Qucağıma qoyurlar, o da əlini həmişə ağzıma aparır. Mən də həmin dəqiqə öpürəm onun əllərini. Qızım deyir ki, Aynur məni nə vaxt görsə gülümsəyir. Mənim də Allahdan istədiyim sadəcə bir şey var. Kaş bircə saniyəlik də olsa, heç olmasa bircə saniyə nəvəmin gülümsəməsini görərdim. Kaş... sadəcə bircə saniyə... Tək istəyim budur. Olar mı elə səncə? Gözlərim bircə saniyəlik də olsa açılar mı nə vaxtsa?"


Bəli, Şəkər xəstəliyi ilk növbədə gözləri zədələyir. 


Əgər ətrafınızda bu xəstəlikdən əziyyət çəkən kimsə varsa, onlara davamlı olaraq həkimə getməyi, dərmanlarını düzənli içməyi və özlərinə yaxşı baxmağı xatırlatmağı unutmayın.


Çünki, onlar tez-tez unudur.



01/03/2022
Bakı





Comments